İranlı dünya çempionu: “Ana yurdum Azərbaycan!” deyirik” – MÜSAHİBƏ
28 iyul 2010 11:00 (UTC +04:00)

İranlı dünya çempionu: “Ana yurdum Azərbaycan!” deyirik” – MÜSAHİBƏ

Belarusun Brest şəhərində başa çatan 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında İran yığması 1 qızıl medal qazandı. Həmin medalı qonşu ölkənin aktivinə 1 nəfərlik yüngül çəkili qayıqda (BLM1X) çıxış edən Möhsen Şadi Nəğədi yazdırdı. O, 2000 metr məsafəni 7 dəqiqə 17,93 saniyəyə qət etdi. Ardıcıl ikinci dəfə 23 yaşlılar arasında planetin ən güclüsü olan Nəğədi müsahibəsində azərbaycanlı olduğunu və Azərbaycanı çox sevdiyini etiraf edib.

- Əvvəlcə özünüz haqqında məlumat verərdiniz...

- Mən Möhsen Şadi Nəğədi 4 iyun 1988-ci ildə İranın Qərbi Azərbaycan vilayətindəki Sulduz Nəğədi şəhərində dünyaya gəlmişəm. Bu şəhər Qərbi Azərbaycanın paytaxtı Urmiyadan bir saatlıq yol qədər aralıdadır. Elə Nəğədi şəhərində valideynlərimin yanında böyümüşəm. 3 ildir ki, akademik avarçəkmə ilə məşğul olmağa başlamışam. Bu müddət ərzində 23 yaşadək avarçəkənlər arasında dünya çempionatlarında əvvəlcə gümüş, son iki ildə isə qızıl medal qazanmışam.

- Yarışlara harada hazırlaşırsınız?

- Avarçəkmə ilə məşğul olmağa Urmiya gölündəki bazada başlamışam. Çətin və davamlı, istirahətsiz məşqlər keçmişik. Şükür Allaha, əziyyətimiz boşa getmədi və yenidən dünya çempionu oldum.

- İkiqat dünya çempionu olduğunuz üçün hansı hissləri keçirirsiniz?

- Həqiqətən də çox xoş hisslər keçirirəm. Çətin mübarizə oldu. Amma ardıcıl ikinci dəfə dünya çempionu olmaq üçün əlimizdən gələni etdik.

- Özünüzü azərbaycanlı sayırsınız?

- İranın Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərində azərbaycanca danışırlar. Hamımız Azərbaycanı çox sevirik. Həmişə “Ana yurdum Azərbaycan!” deyirik.

- Azərbaycanda yaşamaq istərdiniz?

- Çox xoş olardı. Azərbaycanı görməyi çox arzulayıram. İstəyirəm ki, ana yurdumu gəzim, dolanım.

- Hələ Azərbaycanda olmamısınız?

- Xeyr, hələ gəlməmişəm.

- 2008-ci ildə İranın akademik avarçəkmə üzrə milli komandası Mingəçevirdə keçirilən Beynəlxalq “Prezident Kuboku” reqatasında iştirak edirdi. Həmin yarışda Siz yox idiniz?

- Mən həmin vaxt başqa yarışda idim. Ona görə gəlməmişdim.

- Brestdə iştirak edən komandanızın heyətində Sizdən başqa azərbaycanlı var?

- Bəli. Dünya çempionatına 17 avarçəkənlə qatılmışdıq. Onların 7-si azərbaycanlıdır.

- Növbəti hədəfləriniz nədən ibarətdir?

- 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Bunun üçün böyüklər arasında keçirilən yarışlara da qatılmalıyam. Artıq belə bir təcrübəm də var. 2008-ci ildə Avstriyanın Lints şəhərində keçirilən böyüklər arasında dünya çempionatında iştirak etmişəm və 1 nəfərlik qayıqla yürüşdə 5-ci yeri tutmuşam. Amma 31 sentyabr – 7 oktyabrda Yeni Zelandiyada təşkil olunacaq mundiala yollana bilməyəcəyəm. Çünki həmin ərəfədə Asiya Oyunlarında çıxış edəcəyəm. Bundan sonra vaxt azlığından, Yeni Zelandiyaya getməyim mümkün olmayacaq. Hər halda London olimpiadasına lisenziya qazanmağı hədəfləmişəm.

- Amma çıxış etdiyiniz 1 nəfərlik yüngül çəkili qayıq (LM1X) olimpiadalarda yoxdur...

- Düzdür. Buna görə 1 nəfərlik qayıqda (M1X) çıxış edəcəyəm. 2008-ci il Pekin olimpiadasında da eyni qayıqda mübarizə aparmışdım. Həmin vaxt 33 idmançı arasında 25-ci olmuşdum. Amma Londonda daha yüksək yerlər uğrunda mübarizə aparacağam.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar