İdmançılarımızın orqanizmindən tapılan dopinq preparatlarının adları məlum oldu
06 iyul 2010 10:00 (UTC +04:00)

İdmançılarımızın orqanizmindən tapılan dopinq preparatlarının adları məlum oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvləri Zülfüqar Süleymanovla Rövşən Fətullayevin orqanizmindən aşkarlanan istifadəsi qadağan olunmuş dərman preparatlarının adları məlum olub.


Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Yanko Rusev məlumat verib.


Bolqarıstanlı mütəxəssisin sözlərinə görə, apreldə Belarusun paytaxtı Minskdə Avropa çempionatı vaxtı götürülmüş dopinq-test nəticəsində Süleymanovdan tostesteron, Fətullayevdən isə metandionon tapılıb. Hər iki idmançının A probu müsbət nəticə verib. B probu isə yaxın bir ay ərzində Almaniyanın Köln şəhərindəki laboratoriyada açılacaq. B probunun açılması prosesində Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) nümayəndələrinin də iştirakı gözlənilir.


Rusev bildirib ki, həm tostesteron, həm də metandionon gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub. İdmançıların B probu da müsbət nəticə versə, onları 4 il müddətinə diskvalifikasiya gözləyir. B probunun nəticəsi mənfi olsa, ağırlıqqaldıranlarımız 2 illik cəza ilə qurtulacaqlar.


Baş məşqçi atletlərimizin orqanizminə qadağan olunmuş maddənin necə düşməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. Rusev bunun bir təxribat olmasını istisna etməyib: “Zülfüqarla Rövşən dopinq qəbul etmədiyini bildirirlər. Mən də onlara heç vaxt elə bir maddə verməmişəm. Ola bilsin, bu, bir təxribatdır. Amma kimlər tərəfindən törədildiyini demək çətindir”.

Bolqarıstanlı mütəxəssis məsələnin AAAF prezidenti Cahangir Əsgərovun yanında da müzakirə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Əsgərov məşqçi və idmançılara dopinq qəbul etməyin yolverilməz olduğuna dair xəbərdarlıq edib.

Qeyd edək ki, Avropa çempionatında Rövşən Fətullayev 94 kq çəki dərəcəsində gümüş, Zülfüqar Süleymanov isə 62 kq çəkidə bürünc medal qazanıb.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar