Orxan Fikrətoğlu: “Bıçaqlandıqdan sonra futbolu buraxdım” - MÜSAHİBƏ
11 oktyabr 2012 15:40 (UTC +04:00)

Orxan Fikrətoğlu: “Bıçaqlandıqdan sonra futbolu buraxdım” - MÜSAHİBƏ

Onunla hazırda çalışdığı ATV-də görüşdüm. Elə axşam vaxtı efirə gedəcək “Nə xəbər?” verilişinin hazırlandığı studiyada söhbətləşdik. Mövzu futbol, vaxtı isə az idi. Buna görə də söhbətə “xəbər-ətər”lə yox, ANS-dəki “Zorxana” verilişinin son cümləsindən başladım...

“Zərbədən dirək tərpəndi, başıma heç nə olmadı”

- “Köhnə azərbaycanlı” Orxan Fikrətoğlu Azərbaycan futbolunun keçmişini necə xatırlayır?


- Çox yaxşı. Köhnə azərbaycanlı kimi mənə Bakının məhəllələrini xatırlatdınız. O vaxtlar bütün məhəllələrdə bir futbol ovqatı var idi. “Verxnı Naqornı”dan üzüaşağı “Sovetski”yə, “Kubinka”ya “sanka” sürərdilər, bir də futbol oynayardılar. Mən futbolu pis-yaxşı bilirəm, çünki özüm peşəkar futbolçu olmuşam. O məhəllələrdən, inandırım sizi, Rafiq Əlizadə kimi texnikalı futbolçular çıxırdı. Bu, birmənalıdır ki, hazırda Azərbaycanda uşaq futbolu çox zəifdir. Sovet dövründə bir ənənə var idi: Hər məktəbin önündə futbol meydançası olurdu. O meydançalar indi yoxdur. Həyətində maşınların bir-birinin “qarnına girdiyi” yeni tikililər, Bakının “zorlanması” birmənalı olaraq, futbola da təsir edib. Uşaq futbolu meydançalardan, dəniz sahillərindən, məhəllələrdən başlayır. Mənim xatırladığım Bakıda belə bir futbol ənənəsi var idi. Bakıda fiziki baxımdan zəif, amma çox texnikalı oyunçular olardı. Onların arasında qeyri millətlərdən, amma paytaxt sakinləri də var idi. Məsələn, Anatoli Banişevski malakan idi. Mən onun oyununu görmüşdüm. Çox maraqlı futbol mühiti var idi. Gəncə futbolu Vidadi Rzayevədək çox güclü idi. Sonra da Qarabağ futbol məktəbi gəlirdi. Elbrus Abbasov həmin məktəbdən gəlmişdi. Gürcüstan futbol məktəbindən Əsgər Abdullayev çıxmışdı. Azərbaycanın hər bölgəsinə aid futbol məktəbi var idi. Özüm 1966-cı ildə doğulmuşam. Həmin il SSRİ çempionatında qazanılan bürünc medalın ovqatı Bakıda 1990-cı illərədək - SSRİ dağılana qədər hökm sürürdü. Böyük bir futbol mədəniyyəti var idi. Futbolu çox gözəl bilirdilər. Dünya futbolunu bilirdilər. Elə azarkeşlər var idi ki, nə vaxt hansı oyun keçirilib, kim kimə qol vurub, onu əzbər bilirdilər. Məsələn, David Kipiani, Oleq Bloxin o dövrün ulduzları idilər. Vladimir Qutsayevin texnikasını, Pelenin, Qarrinçanın oyunlarını Bakı məhəllələrində elə araşdırırdılar ki, hətta ən güclü şərhçilər də onu bilmirdilər. Çox böyük futbol mühiti var idi. Təəssüf ki, indi o, yoxdur. İndi lotereyalar oynanılır, pul udurlar. Bunlar başqa şeylərdir. Təmənnasız sevgi, entuziazm daha yoxdur.

- Peşəkar futbolçu olduğunuzu dediniz. Amma güclü futbolçular adətən, sadə ailələrdən çıxırlar. Siz isə ziyalı ailəsində doğulmusunuz. Şair atanız Fikrət Sadıq futbolla məşğuliyyətinizə razılıq verməyə necə razı oldu?

- Mənim atam heç vaxt futbol meydanlarında olmayıb. Heç bilmir ki, top dördküncdür, yoxsa üçkünc. Amma çox demokratik adamdır. Həm də bizim seçimimizə atam heç vaxt “yox” deməyib. Mən 4-cü sinifdə oxuyurdum, dərslərimdən 5 alırdım. Qəfildən futbol seleksionerləri gəldi, bizi həyətimizdən seçdilər. Mən yaxşı oynayırdım, çox texnikalı idim. Boyum hündür, zərbələrim isə güclü idi. Gəldim, atama çatdırdım. Atam “Heç vaxt səni futbola qoymaram, futbolda nə işin var?” dedi. Amma mən israrla təkid etdim. O da “yaxşı futbolçu olacaqsansa, get” söylədi. Mən getdim. İxtisaslaşdırılmış futbol məktəbi idi. Həmin məktəbdə hazırda qapıçılar üzrə məşqçi işləyən Faiq Əzizov, indi hakimlik edən İlham Əliyev, 17 yaşlılardan ibarət yığmamızın hazırkı baş məşqçisi Təbriz Həsənov, millinin sabiq baş məşqçisi Şahin Diniyevlə birgə oynayırdım. 1980-ci ildə biz “Ümid Kuboku”nda çıxış etdik. Məşqçimiz Bakı ermənisi Arakelov idi. Sonradan “Neftçi”nin əvəzedici heyətinə cəlb olundum. Hətta 1-2 oyunda da iştirak etdim. 10-cu sinfi başa vurduqdan sonra isə Moskvaya yollandım. “Dinamo”nun gənclərdən ibarət heyətində məşq etdim. Ardından “gənclik davası”na düşdüm və bıçaqlandım. 1 ilədək futbolu buraxdım və sonradan da futbolla elə də ciddi məşğul olmadım. Başladım yazı-pozu işinə. Mənim evdə Bakı şəhər çempionu olmağım münasibətilə fəxri fərmanım var, “Sevinc Kuboku”nun qalibi, respublika çempionu olmuşam. Bir azarkeş, bir insan kimi formalaşmağımda idmanın böyük rolu var. Mərkəz hücumçusu mövqeyində çıxış edirdim. Başla zərbə mövqeyinə çıxmağa qorxurdum. Bir dəfə rəqib qapıçı bu cür vəziyyətdə mənim gözümün altını partlatmışdı. Ona görə də topa başla “girməy”ə çox ürək etmirdim. Həmin o Arakelov qış boyunca yaş futbol toplarına başla zərbə endirməyi mənə məşq elətdirdi. Bir dəfə topa zərbə endirəndə başım qapı dirəyinə dəydi. Zərbə o qədər güclü oldu ki, dirək yerindən tərpəndi, amma mənim başıma heç nə olmadı. Eyni zamanda, azərbaycanlılara xas olmayan komanda oyununu, rejimi futboldan öyrənmişəm. Bu yaşımadək qənd yemirəm. Bu, futbolçu vaxtlarımdan qalıb. Köklüyə meylli olduğumdan, məni şirniyyat yeməyə qoymurdular. Eləcə də çörək yeməyə və tum çırtlamağa icazə vermirdilər. O vaxtdan səhər-axşam idman edirəm. İndi bir az zəifləmişəm. Çünki beyin çox işləyəndə insan zəifləyir. Uşaq futbolunun, ümumiyyətlə, idmanın mənə verdiyi belə müsbət cəhətlər var. Mən heç vaxt özümü irəli çəkməmişəm, çünki komanda olmuşuq. Futbol elə oyundur ki, özünü lider sayıb, qalanlarını özündən aşağı səviyyədə görsən, heç vaxt futbol oynaya bilməyəcəksən. Çünki sən meydanın bir hissəsinə aidsən, olduğun yerə cavabdehsən.

“Ailəmiz futbolla yox, başqa dəyərlərlə yaşayırdı”

- Bıçaqlanma hadisəsi nəyə görə baş verdi?


- 1989-cu ildə Bakıda bıçaqlandım. AzTV-nin o vaxtkı diktoru Nəriman Qəhrəmanlını döyürdülər. Biz də bir dəstə idik. Karate ilə də məşğul olurdum. Gəldik ki, onu müdafiə edək. Qəhrəmanlını döyənlər də idmançılar idilər, üstəlik, sayları 30-40 idi, biz isə 5 nəfər... Bakıda buna “Kodla davası” deyirdilər. Vuruşduq, qardaşımı da qolundan bıçaqladılar. Mənim isə ağ ciyərim deşilmişdi. Bundan sonra özümə gec gəldim. İndi də ağır nəfəs alıram. Amma bu, o demək deyil ki, böyük futbolçu olacaqdım. Sadəcə, Azərbaycan səviyyəsində bəlkə də oynaya bilərdim. Bunlar kimi mən də oynayaram da... (gülür). Mən özümü hər gün futbola gedəcək qədər fanat saymıram. Amma futbolu bilir, duyur, hiss edir, güclü-zəif cəhətlərini anlayıram.

- Doğulduğunuz 1966-cı ildə “Neftçi”nin tarixi uğura imza atdığını sonradan bildikdə, reaksiyanız necə oldu?

- Bizim ailə futboldan uzaq idi. Mən Səməd Vurğunla eyni gündə - martın 21-də doğulmuşam. Həmin gün Həzrət Əli də taxta çıxıb. Yəni, ailəmiz başqa dəyərlərlə yaşayırdı.

- Bəs Sizin özünüz üçün futbol hansı dəyərləri özündə ehtiva edir?

- Futbol teatra yaxın bir şeydir. Futbolda əyləncə də, zövq də, insanı düşündürən məqamlar da var. Futbol ayaqla, fiziki göstəricilərlə yox, başla oynanılır. Futbol Şərqlə Qərbi özündə birləşdirən bir şeydir. Bir sözlə, futbol çox dərin şeydir. Bunlara səthi baxmaq olmaz. O vaxtlar futbolda bunlar var idi.

- O vaxtlar danışılmış oyunlar da var idi?

- SSRİ çempionatının oyunlarında “Neftçi”ni çox incidirdilər. Anatoli Banişevski haqqında film hazırlamışam. Bilirəm ki, onu bilə-bilə futboldan 2 dəfə uzaqlaşdırmışdılar. Hər dəfə 2-3 il müddətinə. Çünki bakılı idi. Rusiya komandaları MOİK və “Dinamo”ya keçməkdən imtina etmişdi. Banişevski Bakını çox sevirdi. Ona görə də Moskva komandalarında oynamağa getmirdi. O vaxtlar Bakıda milli məsələlər yox idi. Yadımdadır, Rostovda OİK-lə keçirilmiş oyun zamanı qapıçı Kramarenko və Melkumov rəqib futbolçularla dalaşmışdı. Melkumovu 6 oyun, Kramarenkonu 1 il müddətinə diskvalifikasiya etdilər. Həmin oyunun baş hakimi “Neftçi”yə qarşı qərəzli olduğu üçün Banişevski komandaya “çıxın meydandan, oynamayın” demişdi. Bu sözlərinə görə Banişevskini 2-3 il futboldan uzaqlaşdırdılar. Həmin oyunda qəsdən uduzdurulan “Neftçi” I liqaya düşdü. Yəni, SSRİ dönəmində futbol siyasət idi. Çempion əksərən Rusiya və Ukrayna komandaları olurdu. 2 dəfə Gürcüstan, hərəyə 1 dəfə Belarus və Ermənistan komandalarını çempionluğa buraxdılar.

“Futbolumuzu xilas etmək lazımdır”

- Hazırkı futbolumuz barədə nə fikirdəsiniz?


- İndiki futbolumuzu xilas etmək lazımdır. Amma bir söz deyim: Azərbaycan yığmasının Portuqaliya ilə son oyununa baxdım. Vaxt azlığından, birinci hissəni izləyə bildim. Uduzmasına baxmayaraq, oyun göstərirdi. Artıq futbol oynayırlar. Buna qədər isə topu xaotik şəkildə uzaqlaşdırırdılar, müdafiəçi ilə hücumçu bilinmirdi. Yəni, artıq bilinir ki, bu, komandadır. Komandaya oxşar nə isə sezilir. Portuqaliya Avropanın ən güclü yığmalarından biridir. Millimiz onlarla üz-üzə dura bildi. Böyük bədbəxtlik uşaq futbolunun olmamasıdır. Klublar nəzdində uşaq komandaları azdır. Uşaq komandalarının, meydançaların sayı artmalıdır. Ukraynada hər şəhərdə bəlkə min dənə futbol meydanı var. Hətta kəndlərdə də mövcuddur. Özüm şahidi olmuşam. Bəs Bakıda neçə belə meydan var? Futbolun inkişafı uşaq futbolundan başlayır. Bir də ki, seleksionerlər düzgün işləməlidirlər. Gedib xaricdən futbolçular gətirirlər, azərbaycanlılar onlardan min dəfə yaxşı oynayırlar. Niyə onları gətirirlər? Hansı məqsədlə gətirdiklərini bilmirəm.

- Bəs “Neftçi” Avropa Liqasının qrup mərhələsində necə çıxış edir?

- “Neftçi”nin İtaliya “İnter”i ilə son matçını Tofiq Bəhramov adına Respublika stadionundan izlədim. Hər halda, “İnter” böyük məktəbdir. “Neftçi” sabit çıxış etmir, amma ikinci hissədə pis oynamadılar. Uduzublarsa, “zəifdirlər” də deyə bilərik. Amma axı rəqib “İnter”dir! Məncə, “Neftçi” uğurlu çıxışını gələcəkdə də davam etdirə bilər. Futbolumuzda bir balaca inkişafı görürəm. Heç olmasa, infrastruktur yaranır. Amma futbol kütləviləşməli, azərbaycanlı məşqçilərin sayı artmalıdır. Futbolçulardansa məşqçilərin özlərinin təhsili təkmilləşdirilməlidir. Bunların hamısı şərtdir.

“Neftçi”nin Avroliqanın qrup mərhələsinə çıxması böyük nəticə deyil”

- Azərbaycanda klub futbolunun yığmanı üstələdiyi fikri ilə razısınız?


- Hər halda nəticə etibarilə bir-birini üstələmirlər. Əgər “Neftçi”nin Avroliqa qrupuna çıxmasına nəticə deyilirsə, məncə, bu böyük nəticə deyil. Qrupda necə çıxış edəcəyi bilinmir. Azərbaycan yığması isə çox təkmilləşməlidir.

- Hazırda Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçirilir. Ölkəmizdə qadın futbolunun vəziyyəti barədə hansı fikirdəsiniz?

- Çempionatın təşkilatçılıq səviyyəsi çox gözəldir. Azərbaycanın tanıtımı baxımından çox uğurlu addımdır. Mən buna siyasi baxımdan yanaşıram. Bizə belə çempionat lazımdır. Müsəlman ölkəsində 17 yaşadək qızların futbol oynamaları bir çox siyasi problemimizin həllinə yönəlik bir işdir. Burada udub-uduzmaqdan söhbət getmir. Guya kişi futbolçularımız nə oynayır ki, qadınlar da nə oynasınlar? Ölkəmizdə “Eurovision”un, dünya çempionatlarının təşkili, Bakının infrastrukturunun yüksəldilməsi, bir çox sahələrə Avropa düşüncəlilərin və avropalı insanların cəlb olunması dövlətimizin siyasətidir. Belə məsələlərə dar çərçivədən yanaşmaq düzgün deyil. O ki qaldı futbolun keyfiyyətinə, bu, ikinci məsələdir. Təbii ki, 17 yaşlı qızlarımız böyük futbol ölkələrindən güclü deyillər. Bunu gözləmək də gülüncdür. Nigeriyaya 0:11 hesabı ilə uduzduqları üçün onları qınamıram. Harada məşq etmişdilər, harada hazırlaşmışdılar? Mənim xəbərim yoxdur.

- Ötənlərin peşəkar futbolçusu kimi futbol haqda veriliş açmaq fikriniz yoxdur?

- Xeyr. Daha çox publisistik verilişlər hazırlayıram. Artıq ATV-də “Nə xəbər?” adlı müəllif proqramımın ikinci buraxılışı oldu. Amma yaxın müddətdə futbol verilişi açmaq planımda yoxdur.

Elşən MƏMMƏDOV
# 3173

Oxşar yazılar