"Təmkinin intizam baxımından bir az axsadığını deyən birinci və ya sonuncu adam deyiləm".
Bunu apasport.az saytına "Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiç deyib.
Komandanın aparıcı futbolçularından olan Təmkin Xəlilzadənin çıxışını dəyərləndirən xorvatiyalı mütəxəssis Azərbaycan millisinin üzvünü top-oyunçu sayır. Hətta Sopiç iddialı çıxış edərək, Xəlilzadənin böyük klublarda oynamaq gücündə olduğunu söyləyib: "Mənə görə, Təmkin top-oyunçudur. Bunu özünə də demişəm. Onun kimi istedadlı, bacarıqlı, meydanda oyuna temp gətirən sol cinah müdafiəçisi "Çelsi"də oynamalıdır. Amma Təmkin nəyə görə "Çelsi"də deyil, "Sabah"da oynayır sualının cavabını yalnız özü verə bilər".
Sopiç yetirməsinə bəzi örnəklər göstərib və onun da bu siyahıda yer alacaq səviyyədə olduğunu deyib: "Mənim rəhbərliyim altında olmuş bəzi futbolçular hazırda "Ştutqart", "Volfsburq", "Zalsburq", "Yuventus" və digər böyük klublarda çıxış edirlər. Təmkinin də bu bacarığı var, Avropanın top-komandalarında oynaya bilər. Amma niyə oynamır, bunun səbəbini özü bilir. Çünki onunla günün 24 saatını bir yerdə keçirmirəm".
Qeyd edək ki, Təmkin Xəlilzadənin "Sabah"la müqavilə müddəti gələn ilin yayına qədərdir.