“Operativ Qərargahın qərarını gözləyirik” - Baş məşqçi
04 iyun 2020 11:23 (UTC +04:00)

“Operativ Qərargahın qərarını gözləyirik” - Baş məşqçi


“Biz də hamı kimi Operativ Qərargahın qərarını gözləyirik. Yəqin ki, hər şey həmin qərardan sonra müəyyənləşəcək”.

Bunu apasport.az saytına “Zirə” klubunun baş məşqçisi Zaur Həşimov şənbə və bazar günləri ölkədə karantin rejiminin sərtləşdirilməsi variantı barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis bu gün açıqlanması gözlənilən karantin rejiminin komandaların hazırlıq durumuna təsirsiz ötüşməyəcəyini söyləyib: “Dövlət hansı qərarı versə, ona da riayət etmək lazımdır. Əlbəttə ki, şənbə və bazar günləri evdən çıxmaq qadağası qoyulsa, bunun komandaların məşq prosesinə ciddi təsiri olacaq. Onsuz da, iki ay yarımdan çoxdur məşq etmirik. İndi də həftədə iki dəfə hazırlıq keçməsək, futbolçuların formanı bərpa etmələri mümkünsüzləşər”.

Operativ Qərargahın növbəti bir neçə həftədə də şənbə və bazar günləri ilə bağlı karantin rejimini tətbiq etməsi istisna olunmur. Həşimovun fikrincə, belə olarsa, Azərbaycan Premyer Liqasının bərpası çətinləşəcək: “Çempionatın sona qədər keçirilməsi risk altında olacaq. Çünki çatdırmaq üçün həftədə 2 tur keçirilməlidir. Ancaq hər həftənin iki günü məşq olmasa, bu mümkün olmayacaq. Belədə hansı futboldan danışmaq olar? Həftədə 3 gün məşqə, 2 gün oyuna vaxt qalır ki, bu formada çempionat keçirmək qeyri-ciddidir”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Premyer Liqanın iyunun 21-də bərpa edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3289
avatar

Oxşar yazılar