Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri və AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurovun apasport.az saytına müsahibəsi
- Dünən UEFA Millətlər Liqasının püşkü atıldı, Azərbaycan millisi Lüksemburq, Kipr və Monteneqro ilə bir qrupa düşdü. AFFA İcraiyyə Komitəsinin üzvü kimi, bu qrupu necə dəyərləndirərdiniz?
- Təbii ki, komandanın hazırlığından çox şey asılıdır. Məncə, yığmamız üçün elə də pis qrup deyil.
- Millimiz qrup birinciliyinə iddia edə bilərmi?
- Bilirsiniz, komanda idman növü bir az çətindir. Çünki burada kollektiv mübarizə çox önəmlidir. Amma hər şey gözləmək olar. Bundan başqa, yaxşı olardı ki, futbolçularımız özləri də legioner həyatı yaşamağa çalışsınlar. Belə olarsa, rəqabət də güclənər.
- Yığmanın baş məşqçisi məsələsi hələ də açıq qalır. AFFA İcraiyyə Komitəsinin son iclasında üzvlər öz namizədlərini təqdim ediblər. Siz kiminsə adını vermisinizmi?
- Mən heç kimin namizədliyini verməmişəm. AFFA İcraiyyə Komitəsi üzvlərindən namizədlərinin olub-olmadığını soruşmuşdular. Mənim namizədim olmadığından, heç kimin adını deməmişəm.
- Siz bu posta yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarısınız?
- Yerli məşqçinin gətirilməsini istərdim.
- Bir qədər də güləş barədə. Elə bir güləşçimiz varmı ki, ondan Tokio-2020 Yay Olimpiya Oyunlarında sizin uğurunuzu təkrarlamasını gözləyirsiniz?
- Bilirsiniz ki, güləş yığmamız Olimpiadaya 2 vəsiqə qazanıb. Qarşıda daha iki təsnifat turniri var. Güləşçilərimizə həmişə güvənmişik. İnanıram ki, vəsiqələrimizin sayı daha da artacaq. Təbii ki, Olimpiadada medal qazanacaq idmançılarımız var. Adlarını sadalamaq istəməzdim. Ancaq güləşçilərimizin əksəriyyəti dünya, Avropa çempionatlarının medalçılarıdır. Buna görə, onlar komanda şəklində güclüdürlər. Nəticələrin də uğurlu olacağına inanıram.
- Ümumilikdə Olimpiadaya neçə vəsiqə hədəfləyirsiniz?
- Vəsiqələrimizin çox olacağını gözləyirik. Konkret rəqəm demək istəməzdim. Təsnifat turnirləri hələ qarşıdadır. Taekvondo, boks, cüdo, güləş və digər idman növlərindən təsnifat yarışları hələ davam edir. Bu səbəbdən indidən bir say demək doğru olmaz.