Bosniya və Herseqovinanın “Çelik” klubunun baş məşqçisi Ümit Özatın apasport.az saytına müsahibəsi
- "Çelik"də işləriniz necə gedir?
- İşə hələ rəsmən başlamamışıq. Yalnız məşqlərə çıxa bilirik. Yeni transferlərin də heç biri ötən turda oynaya bilmədi. Belə görünür ki, sənədlərimiz bu həftəyə də çatmayacaq. Burada işçi və oturum vizası ilə bağlı problem var. Onun həllini gözləyirik.
- “Səbail”dən ayrılan Elvin Yunuszadəni bir müddət əvvəl heyətə cəlb etdiniz. Onun haqqında hansı fikirdəsiniz?
- Elvindən çox məmnunam, inanılmaz dərəcədə peşəkar futbolçudur. "Çelik"ə də çox xeyir verəcəyinə inanıram. Amma hələ onun da lisenziyası çıxmayıb, xidmətindən faydalana bilmirik. Bu həftəni də gözləməliyik. Əgər lisenziya gəlməsə, önümüzə baxmağa məcburuq. Əslində bu müddətdə mənə Türkiyədən də təkliflər gəlmişdi. Sadəcə, "Çelik" rəhbərliyinə söz verdiyim üçün komandanı atıb getmək mənə yaraşmazdı. Məcburiyyətdən söhbəti heç açmadım. Onsuz da burada işləmək üçün şərait çox çətindir. Bazamız yoxdur, üstəlik, türklərə qarşı fərqli yanaşma var. Yəni türklərə qarşı xoş rəftar görmürük. Klub rəhbəri ilə dost münasibətdə olduğumdan, bu qədər gözlədim. Yoxsa, bura pula görə gəlməmişəm. Əgər bu həftə də lisenziya problemi həll edilməsə, növbəti həftə prezidentlə oturub danışacağıq.
- Türkiyəyə qayıdası olsanız, Elvini də özünüzlə aparacaqsınız?
- Türkiyədə transfer dönəmi başa çatıb. Amma bunu dəqiq deyə bilərəm ki, Elvin hər zaman ağlımda olacaq. Hara getsəm, onu özümlə rahat apara bilərəm. Çünki Elvin səviyyəli uşaqdır, peşəkar futbolçudur. Əslində onun "Çelik"ə gəlməsi həm komanda, həm də şəhər üçün böyük şansdır. Amma Elvin də lisenziya probleminə görə oynaya bilmir. O özü də bu duruma üzülür. Ancaq hər gün məşq edir. Onun qədər peşəkar futbolçu görməmişəm. Boş günü yoxdur, hər gün məşq edir, istirahət günlərində belə, məşqlərindən qalmır. Elvində öz cavanlığımı görürəm. Hara getməyimizdən asılı olmayaraq, Elvindən bundan sonrakı həyatımızda da faydalana bilərik. Türkiyə klubuna da getsəm, başqa yerə də keçsəm, arxama belə baxmadan, Elvini komandama götürərəm.
- Bir ara adınız "Sabah"la birgə hallanırdı. Son vaxtlar necə, Azərbaycandan təklif almısınızmı?
- Azərbaycanda çalışmağı çox istəyirəm. Futbolunuz mənim üçün maraqlı gəlir. Bir müddət əvvəl "Sabah" məsələsi var idi, amma sonda alınmadı, qismət deyilmiş. Qarşıdakı illərdə Azərbaycanda işləmək istəyərəm. Üstəlik, Azərbaycan qardaş ölkədir. Orada çalışmaq hər zaman xəyallarım arasındadır.
- Azərbaycan futbolunu heç izləmisiniz? Futbolçularımızdan kimləri tanıyırsınız?
- Əvvəllər oyunçum olmuş Ozan Can Kökçü, Cavid İmamverdiyev Azərbaycanda çıxış edirlər. "Samsunspor"da rəhbərliyim altında oynamış Ekiqo Ehiosun "Qəbələ"də idi. Demək olar ki, hər mövsüm Azərbaycana oyunçular gedirdi. İlqar Qurbanovu da tanıyıram. Azərbaycan futbolunu izləyirik.
- Sizcə, nəyə görə Türkiyə klubları azərbaycanlı futbolçulara maraq göstərmirlər?
- Vaxtilə Cavid İmamverdiyevi komandama götürmüşdüm. "Boluspor"u çalışdırdığım dönəmdə iki azərbaycanlı futbolçu alacaqdım. Ancaq oradan ayrılmalı oldum. Sabah-birigün yenə Türkiyədə işləsəm, Azərbaycandan futbolçu aparacağam.
- Azərbaycan millisini çalışdıra biləcək namizədlər arasında türkiyəli Abdullah Avcı və Ərsun Yanalın adları hallanır. Siz necə, təklif alsanız, yığmamızda işləmək istərdinizmi?
- Əlbəttə, istəyərəm, niyə istəməyim? Azərbaycan millisinə əvvəllər Robert Prosineçki, Berti Foqts kimi dəyərli məşqçilər də başçılıq edib. Türkiyəli məşqçilərin Azərbaycanda uğurlu olacağını düşünürəm. Çünki eyni dili danışmaq önəmlidir.