Araşdırma göstərir ki, qarışqalar bir neçə uzaq region istisna olmaqla hər yerdə var. Onların biokütləsi quşların və məməlilərin ümumi kütləsini üstələyir. Qarışqalar Yer planetinin ən çoxsaylı və uğurlu canlılarından biridir. Alimlər hesablayıblar ki, onların sayı təxminən 20 kvadrilyondur və artıq Yer kürəsinin demək olar ki, bütün quru sahələrini kolonizasiya ediblər.
Lent.az bu canlını təqdim edir:
Tədqiqatın məlumatına görə, qarışqaların biokütləsi təxminən 12 meqaton quru karbon təşkil edir. Bu, bütün vəhşi quşların və məməlilərin ümumi kütləsini üstələyir və təxminən insan biokütləsinin 20%-nə bərabərdir. Alimlər bildirirlər ki, bu rəqəm konservativ qiymətləndirmədir, çünki yuvalarını tərk etməyən fərdlər və kifayət qədər öyrənilməmiş regionlar (xüsusən boreal meşələr) nəzərə alınmayıb. Bu göstəriciləri əldə etmək üçün alimlər dünyanın müxtəlif ekosistemlərində aparılmış 500-dən çox tədqiqatı təhlil ediblər. Məlum olub ki, ən böyük populyasiyalar rütubətli tropik meşələrdə və savannalarda cəmlənib. Növlərin üçdə ikisi məhz orada yaşayır, halbuki quraq bölgələrdə əsasən yerüstü qidalanan növlər üstünlük təşkil edir. Meşələrdə yarpaq kəsən qarışqaların sıxlığı koluqlara nisbətən dörd dəfə çoxdur.
Bu gün 15,7 mindən çox qarışqa növü və yarımnövü məlumdur. Onlar Antarktida istisna olmaqla bütün qitələrdə, həmçinin İslandiya, Qrenlandiya, Şərqi Polineziyanın bəzi hissələri və uzaq adalar xaric hər yerdə yayılıb. Qarışqalar ilk dəfə təxminən 140–158 milyon il əvvəl meydana çıxıb və zaman keçdikcə müxtəlif şəraitə uyğunlaşıblar. Çikaqo Filad Muzeyinin alimləri xatırladırlar ki, son 60 milyon il ərzində qarışqalar bitkilərlə birlikdə təkamül keçirib. Ağaclar daha çox su buxarı ifraz etməyə başlayanda koloniyaların bir hissəsi torpaqdan çıxıb ağacların taclarına köçüb. Çiçəkli bitkilər quraq regionlarda yayılmağa başlayanda qarışqalar da həmin prosesi təkrar edib və bu, bu gün də mövcud olan yeni növlərin yaranmasına səbəb olub. Xatırladaq ki, Antarktidada yaşayan unikal buz balığının qanı şəffafdır. Alimlərin sözlərinə görə, bu canlılar yetkin yaşda qanında heç bir hemoglobini olmayan yeganə məlum onurğalıdır. Buna görə də onların rəngi çox maraqlı görünür.