Bir canlının  tragik taleyi: Kosmosa gedən ilk  pişik
28 aprel 2025 10:14 (UTC +04:00)

Bir canlının tragik taleyi: Kosmosa gedən ilk pişik

1947-ci ildə ABŞ elmi tədqiqat üçün kosmosa meyvə milçəkləri, 1957-ci ildə isə SSRİ it göndərdi. Fransa isə fərqli yanaşaraq küçə pişiklərini seçdi.

Lent.az xəbər verir ki, Fransanın kosmik tibb proqramı CERMA çərçivəsində 14 dişi küçə pişiyi toplanaraq sınaqlardan keçirildi. Onlara ad verilmədi, yalnız nömrələr təyin edildi və beyin fəaliyyətlərini izləmək üçün elektrodlar qoşuldu. Pişiklər dar konteynerlərdə saxlanıldı, sentrifuqalarda yüklənmə simulyasiyası ilə sınaqdan keçirildi.

Sonda altı pişik seçildi və onlardan biri — qara-ağ rəngli, C341 nömrəli pişik uçuş üçün təyin olundu. 18 oktyabr 1963-cü ildə Əlcəzairdəki hərbi poliqondan buraxılan raketlə kosmosa göndərildi. Uçuş zamanı 9,5 g-lik yüklənmə yaşadı, bir neçə dəqiqə çəkisizlikdə qaldı və Yerə 7 g-lik yüklənmə ilə qayıtdı. Uçuş 13 dəqiqə davam etdi.

Pişiyə sonradan Felisette adı verildi. Bir neçə həftə sonra isə o, tədqiqat məqsədilə yuxuya verildi. Təəssüf ki, uçuşun orqanizmə təsiri barədə ciddi məlumat əldə olunmadı. Felisette uzun müddət unuduldu və yalnız sonrakı dövrlərdə insanlıq bu kimi eksperimentlərin mənəvi tərəfini düşünməyə başlayanda yenidən yada salındı.

2019-cu ildə Strasburqdakı Beynəlxalq Kosmik Universitetin ərazisində Felisetteyə abidə qoyuldu: bürüncdən hazırlanmış pişik Yer kürəsinin üzərində oturaraq ulduzlara baxır.

Skott Trevers qeyd edir ki, Felisettenin hekayəsi romantik deyil – o, könüllü deyil, sadəcə küçədən tutularaq təcrübə üçün seçilmiş bir canlı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar