Ağacdələn ağacı saniyədə 20 dəfə döyür:  niyə başı ağrımır?
05 mart 2026 12:00 (UTC +04:00)

Ağacdələn ağacı saniyədə 20 dəfə döyür: niyə başı ağrımır?

0

Ağacdələn ağacı elə güclə döyür ki, zərbənin gücü Yer cazibə qüvvəsindən təxminən 1000 dəfə artıqdır. Bu quş gün ərzində 12 minə qədər zərbə endirə bilir. Maraqlıdır ki, belə güclü zərbələrə baxmayaraq, onun beyni zədələnmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağacdələnlərin sağlam qalmasının səbəbi onların bədənində formalaşmış mürəkkəb qoruyucu sistemdir. Quşun bədənində zərbəni yumşaldan bir neçə mexanizm mövcuddur. Bu sistem quyruq lələklərindən başlayaraq boyun əzələlərinə qədər bir çox strukturu əhatə edir. Ağacdələn ağac gövdəsinə söykənərkən quyruq lələkləri də amortizasiya funksiyası yerinə yetirir və zərbənin təsirini azaldır.

Ağacdələnin əsas qoruyucu mexanizmlərindən biri onun kəllə quruluşudur. Bu quruluş digər quşlardan xeyli fərqlənir.

Ornitoloqun sözlərinə görə, kəllə daxilində süngərvari maddə ilə dolu xüsusi arakəsmələr mövcuddur. Bu struktur zərbənin enerjisini udur və beynin kəllə divarlarına çırpılmasının qarşısını alır. Süngərvari toxuma bir növ təhlükəsizlik yastığı kimi işləyərək zərbənin təsirini azaldır.

Ağacdələnin ən maraqlı xüsusiyyətlərindən biri də onun dilidir. Bu dil digər quşlarda olduğu kimi sadəcə ağız boşluğunda yerləşmir. Ağacdələnin dili başının arxası boyunca uzanaraq kəlləni demək olar ki, tam şəkildə dolanır. Hətta bəzən dilin uzunluğu quşun başından da böyük olur. Zərbə zamanı bu dil təhlükəsizlik kəməri kimi fəaliyyət göstərir. O, kəlləni sıxaraq beynin hərəkət etməsinin qarşısını alır və zədələnmə riskini azaldır.

Fiziki müdafiə mexanizmləri ilə yanaşı, ağacdələnin orqanizmində beynin hüceyrə səviyyəsində qorunmasını təmin edən biokimyəvi proseslər də mövcuddur. Bu proseslər güclü sarsıntılar zamanı belə neyronların zədələnməsinin qarşısını almağa kömək edir.

Ağacdələnin dimdiyi də minlərlə zərbəyə davam gətirmək üçün xüsusi quruluşa malikdir. Dimdik əsasən keratindən ibarətdir (insan dırnaqları kimi), lakin onun strukturu daha sıx və möhkəmdir. Üst hissəsi alt hissədən bir qədər uzun və möhkəm olur.

Bu quruluş zərbənin gücünü düzgün paylayır və enerjinin əsas hissəsinin ağaca yönəlməsini, dimdiyin isə zədələnməməsini təmin edir.

Ağacdələnin zərbələri ilə bağlı bəzi təsirli göstəricilər də mövcuddur:

Zərbənin gücü: 1000 G (Yer cazibəsindən 1000 dəfə artıq)

Zərbənin sürəti: saniyədə təxminən 7 metr

Gün ərzində zərbələrin sayı: 12 000-ə qədər

Zərbələrin tezliyi: saniyədə 15–20 dəfə

Müqayisə üçün qeyd edilir ki, insan 5 G yükdə huşunu itirə bilər, 80–100 G isə ölümcül hesab olunur.

Belə güclü yüklərə baxmayaraq, ağacdələn öz həyatını tam normal şəkildə davam etdirir və heç bir narahatlıq hiss etmir. Bu isə təbiətin yaratdığı ən maraqlı adaptasiya nümunələrindən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar