Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub.
Lent.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib qəza nəticəsində faciəli şəkildə həlak olan Anargül Mustafayeva onun müəllimi olub.
Ölümünə qədər Bakı şəhəri 267-saylı tam orta məktəbində müəllim işləyən Anargül Mustafayeva savadlı pedeqoq və nümunəvi ailə başçısı kimi tanınıb:
" Təəsüf ki, günorta saatlarında açıqlama verdiyim ağır qəzada mənə dərs demiş müəllimimin də həlak olması xəbərini aldım.
Bizə savadlı gələcək bəxş edən bir müəllimin vəfatı xəbərini vermək həm məni həm Anargül müəllimi tanıyanları çox məyus etdi.
Məktəb kollektivi ilə birgə məndə həlak olanların ailəsinə başsağlığı verir, səbrli olmağı arzu edirik."
Qurum rəsmisi bir daha hərəkət iştirakçılarına üz tutaraq yol hərəkəti qaydalarına əməl etməyin həyati əhəmiyyətli olduğunu vurğulayıb, vətəndaşları bu qaydalara münasibətdə son dərəcə məsuliyyətli olmağa çağırıb.
***
16:23
Avqustun 24-də Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsinndə xəsarət alan bir nəfər saat 12:20 radələrində TƏBİB-in tabeliyində olan xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 58 yaşlı vətəndaşa (şərti adı A.C.) açıq kəllə-beyin travması, baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsi üzərində kəskin subdural hematoma, sağ təpə nahiyəsində əzilmiş cırılmış yarası diaqnozları qoyulub.
Həkimlərin bütün səylərinə baxmayaraq xəstə saat 14:40-da vəfat edib.
***
14:56
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
FHN-dən Lent.az-a verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.
***
12.39
Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. Qurum rəsmisi qeyd edib ki, ilkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlara təcili tibbi yardım göstərilib, yolda hərəkət bərpa olunub.
Hazırda ərazi aidiyyatı üzrə araşdırma aparılır.
***
12.17
Zığ şosesində ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, şəhər mərkəzinə doğru hərəkətdə olan “BMW- X5” və “Hyundai Getz” markalı avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində ağır xəsarət alanlar var. Avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə FHN-nin xilasetmə qrupu cəlb edilib. Hazırda yolda sıxlıq müşahidə olunur.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də qəza barədə məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə edilir.