Zaqatalada hindistanlı turistin yoxa çıxmasından 3 ay ötür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Axtarışlara qoşulan könüllü dağçılar bildirir ki, 3 ay müddətində turistin tapılmaması bir çox suallar yaradır. Buna baxmayaraq axtarışlar davam etdirilir. Əgər bu ay da axtarışlar nəticə verməsə payızda kompleks axtarışlara başlamaq lazımdır. Belə ki, payızda ağacların yarpaqları tökülür və bu meşəlik ərazidə müşahidələrin daha yaxşı aparılmasına imkan verir.
Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb.
Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.
3 ay keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.