Zaqatalada baş verən qətllə bağlı yeni faktlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, ehtimal olunur ki, bu gün Zaqatalada arvadını güllələyərək öldürən Məhəmməd Didiyevin daha sonra vəkil Əhməd Nəbiyevi də öldürmək niyyəti olub.
Bu barədə Lent.az-a danışan vəkil Əhməd Nəbiyev bildirib ki, qətlə yetirilən qadın Firəngiz Yusifova bir müddət əvvəl həyat yoldaşından boşanmaq üçün ona müraciət edib: “Xanım ilk dəfə boşanma üçün müraciət edəndə biz Mediasiyaya müraciət etdik. Onlar barışdılar. Lakin sonradan onların yenidən ailə problemləri oldu və qadın boşanmaq üçün bir daha mənə müraciət etdi. Xanımın müraciəti əsasında məhkəməyə ərizə yazdıq. Bu gün səhər isə bu hadisə yaşandı. Ehtimal edirəm ki, həmin şəxs arvadını öldürdükdən sonra məni öldürməyə gələ bilərdi. Boşanma işini yazdığıma görə mənim üçün də təhlükə ola bilərdi, lakin nə yaxşı ki, mənə qarşı real hərəkət olmadı”.
Qeyd edək ki, bu gün səhər Zaqatalada dəhşətli qətl hadisəsi baş verib. Şəhər sakini 38 yaşlı Məhəmməd Didiyev ondan boşanmaq istəyən həyat yoldaşı, 34 yaşlı Firəngiz Yusifovanı güllələyərək öldürüb.
M.Didiyev saxlanılıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.