Xəbər verildiyi kimi, avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib.
Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Saat 20:07
Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.
Lent.az xəbər verir ki, hazırda soyutma işləri aparılır.
TƏBİB-dən bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.
Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.
***
19:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Lent.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.