Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib.
Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz"in Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.