Azərbaycanın baş prokuroru Zakir Qaralov Şəkidə vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralov iyulun 12-də Şəki Rayon Prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.