Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iclası yanvarın 9-a təyin edilib.
Qeyd edək ki, DİN-in yaydığı rəsmi məlumatda qeyd edilib ki, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Şahin Bəylərovun sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə), 221.3-cü (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddələri üzrə ittiham edilib.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə Ş. Bəylərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.
Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Şahin Bəylərov bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.