Yevlaxda əlilin özünü yandırması ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini Nizami Kərimovun özünü yandırması faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Prokurorluqdan o da bildirilib ki, N.Kərimovun vəziyyəti nisbətən sabitləşib.
******
27.01.2014 / 13:02
Nazirliyin aparat rəhbəri: “...araşdırırıq” - YENİLƏNİB
“Yevlaxda əlilin özünün yandırması məsələsi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır “. Bunu Lent.az-a açıqlamasında nazirliyin aparat rəhbəri Əjdər Ol bildirib.
Onun sözlərinə görə, araşdırma nəticəsində həmin şəxsə sosial yardımın düşüb-düşməməsi də məlum olacaq: “Ola bilsin ki, həmin əlilə ümumiyyətlə, ünvanlı sosial yardım düşmür. Yaxud doğurdan da ona yardım düşür və kimsə ondan pul tələb edirsə, həmin şəxs cəzalandırılacaq”.
Aparat rəhbərinin sözlərinə görə, indiyə qədər Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən ünvanlı sosial yardımla bağlı nazirliyə şikayət daxil olmayıb.
Qeyd edək ki, rayon sakini Nizami Kərimov Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzində özünü yandırıb. Sosial yardım almaq üçün Mərkəzə müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar.
***
12.48
Özünü yandıran əlilin bacısı: “Ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq” - YENİLƏNİB
Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Əhalinin Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".
***
12.38
Yevlaxda əlil özünü yandırdı
Yevlax rayon sakini Nizami Kərimov Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzində özünü yandırıb.
Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim özünün facebook hesabında yazıb. Onun sözlərinə görə, əlil olan rayon sakininin vəziyyəti ağırdır və hazırda Yevlax şəhər xəstəxanasındadır.
Məlumata görə, sosial yardım almaq üçün Mərkəzə müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar. Özünü yandıran əlilin qardaşı Kərimov Faxrəddin Yusif oğlu isə Qarabağda şəhid olub.