Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Bu barədə APA-ya məlumat verən Y. Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin sədri Elman Fəttah bildirib ki, Y. Sadıqov yanvarın 30-da həkim müayinəsindən keçirilib: “Həkimlər onun ürəyində problem olduğunu bildiriblər və müalicə müəssisəsinə köçürülməsi barədə qərar veriblər. Yanvarın 31-də Yadigar Sadıqov cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülüb ”.
Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. O, xuliqanlıqda ittiham olunaraq Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirib. Bundan sonra Y. Sadıqov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə şikayətə baxaraq onun cəzasını 4 ildən 3 il 6 aya endirib.