Dekabrın 15-də "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Dövlət Dəniz Admnistrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Lent.az-a açıqlamasında bildirib ki, axtarış tədbirlərinə fasilə verilməyib: “Axtarışlar davam etdirilir və hər hansı təxirəsalınma yoxdur. Gəmilər, helikopterlər və canlı qüvvə əvvəlkitək suda, dəniz sahillərində və adalarda axtarış tədbirlərini davam etdirir və bu proses hər gün davam edir. Neftçilərin axtarışı ilə bağlı digər Xəzərsahili ölkələrin müvafiq qurumları da məlumatlandırılıb”.
Qeyd edək ki, məlum hadisə ilə bağlı pezidentin sərəncamı ilə Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət qərargah yaradılıb.
Məlum qəzada 10 nəfər həyatını itirb və onlardan 9-nun meyitini tapmaq hələ də mümkün olmayıb.