Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan yaralının vəziyyəti ağırdır.
Xaçmaz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xəsarət alan şəxs ilkin ifadəsində yıxıldığını bildirib. Amma aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun Quba rayonunun Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızı tərəfindən bıçaqlandığı məlum olub.
Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.