Təhsil işçiləri “Bayraq yürüşü” keçirib
07 noyabr 2015 13:36 (UTC +04:00)

Təhsil işçiləri “Bayraq yürüşü” keçirib

Bu gün Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

 

APA-nın xəbərinə görə, yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.

 

“Bayraq yürüşü” Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

 

Nazir müavini qeyd edib ki, Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq, təsdiq edilib: “Azərbaycan prezidenti İlham Əliyev dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqda sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısı Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə də sərəncam verdi. Bütün bunlar Azərbaycan bayrağına olan ehtiramın yüksək göstəricisidir”.

 

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri tədbirin əhəmiyyəti haqda danışıblar.

 

Daha sonra yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayraq Meydanınadək davam edib.

 

Sonda yürüş iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar. 

# 199
avatar

Oxşar yazılar