Səbail rayon İcra Hakimiyyəti sürüşmə ərazisindəki vəziyyətlə bağlı açıqlama yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Səbail RİH başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.
Qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altından iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eyni zamanda yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən, müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Hazırda Ekologiya, Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra isə çıxarılan rəyə uyğun tədbirlər görüləcəkdir. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.