Taxıl Kombinatının direktorunu qətlə yetirənlər Ali Məhkəməyə üz tutdu
Taxıl Kombinatının direktorunu qətlə yetirməkdə təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Məhnurə Hüseynovanın barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Hakim bunu təmin etməyib. Qərardan narazı qalan müdafiəçilər məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. Proses qeyri-müəyyən günə kimi təxirə salınıb.
Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də direktoru Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub. Daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü ( zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq ) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər. Müəyyən edilib ki, sözügedən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 07:00 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu qəsdən öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu məbləğində pul vəsaitini, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər. E.Həsənov, M.Hüseynova və M.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər 3 şəxs 20 il müddətə azadlıqdan məhrum edilib.