Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Tehran Musayevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, T.Musayevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü, Zəngilan rayon sakini T.Musayev 2012-2013-cü illərdə Suriyada ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Mustafayev 13 il müddətə azadlıqdan məhrum edilib.