Prosesdə şahid qismində "Grand Hospital"da həkim işləyən Gülnarə Ağayeva ifadə verib. O ifadəsində bildirib ki, qaraciyər sahəsində uzun müddət mütəxəssis kimi fəaliyyət göstərir: "Qrateziyana dərmanını qeydiyyata alanda çox sevindik. İllərdir Hepatit xəstəlikdən əziyyət çəkənlər üçün vacib dərman idi. Serroz xəstələrində 6 ay ərzində təmiz müalicə edirdi. Adi xəstələrdə isə 3 aya effekt verirdi. Dərmanın keyfiyyətinə söz ola bilməzdi. Heç bir mənfi bir effektini müşahidə eləməmişəm. Xəstələr var idi ki, həmin dərmanı Misirdən əldə edirdi. Sonra "Alfa Med" tərəfindən ölkəyə gətirildi. Bizdə lazım olan xəstələrə bu dərmanı məsləhət görürdük. Müayinələrimizdə istifadə edirdik. Dərmanın qiyməti dəqiq bilmirəm, təxminən 900 manat idi. Heç zaman dərman satışı ilə məşğul olmadığımdan dəqiq bilmirəm. Elə xəstələr var idi ki, dərmanı almağa imkan olmurdu. Həmin "Alfamed" şirkətinin nümayəndələrindən xahiş edirdik, müəyyən güzəştlər edilirdi".
Gülnarə Ağayevadan sonra şahid qismində "Medara Hospital"ın həkimi Faiq Məmmədzadə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsləri konfransda gördüyü deyib: " Konfransda Qrateziya dərmanın Azərbaycana gətirildiyi dedilər. Sertifikatını təqdim elədilər. Çox sevindik, alqışladıq. Çünki bu dərmanın Azərbaycanda alternativi yox idi. İllərdir ki, Hepatit C-dən əziyyət çəkən xəstələrin bir nömrəli dərmanı idi. Qiymətini tam deyə bilmərəm. Amma bir neçə dəfə xəstələrin dərmana pulu çatmadığını üçün rəhbərlikdən müəyyən güzəştlər edilməsini xahiş edirdik, sağolsunlar edirdilər. Digər dərmanların Bakıya gətirilməsi çox baha idi. Buna alternativ dərmanlar var idi ki, Azərbaycanda qeydiyyatı yoxdu, 18-20 min dollara gəlib çıxırdı". Şahid qismində "Alfa Med"-in operatoru Nübar Hüseynova ifadə verib. O, ifadəsində telefonlara cavab verdiyini və müəyyən yazıları kompüterə və jurnala yazdığını deyib.
Şahid qismində "Alfa Med" firmasında anbardar vəzifəsində çalışmış Elmayıl Mirzəyev ifadə verib. O, ifadəsində bildirib ki, şirkət yaranan gündən orada çalışır: "Mənim vəzifəm dərmanları qəbul edib, onları təhlükəsiz yerdə saxlamaq olub. Dərmanların qiymətindən tam dəqiq xəbərim olmayıb. Qrediziya Misirdən gətirildiyini bilirdim, dərmanın ordan alınma qiyməti haradasa 550 dollara yaxın idi. Satışla bağlı məşğul olmadığımdan neçəyə satıldığını bilmirdim. Mənə qaimələr sayla gəlirdi, sayla da qəbul edirdim".
12:01
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə, satmaqda, süni qiymət artımında təqsirləndirilən Əfqan Xudaverdiyev və İbadulla Hüseynovun cinayət işi məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə "AlfaMed"in baş mühasibi İrina Svyazova dindirilib. O, bildirib ki, Qrateziana dərmanı şirkət tərəfindən Azərbaycana gətirilirdi:
"Həmin dərmana Tarif Şurası tərəfindən qiymət qoyulmayıb. Qiyməti rəhbərlik tərəfindən təyin edilib. Dərman 850 manat olub. Həmin dərmanın qiyməti rəhbərlik tərəfindən güzəşt edilirdi". Prosesdə fasilə elan edilib.
Qeyd edək ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib. “Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb. Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.