Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənənlərin adları məlum olub.
APA-nın məlumatına görə, onların hamısı eyni ailənin üzvləridir və yanğın baş verən binanın ikinci mərtəbəsində yaşayırlar.
Yanğın nəticəsində 1958-ci il təvəllüdlü Hüseynağa Şirəliyev, 1963-cü il təvəllüdlü Tünzalə Şirəliyeva və 1985-ci il təvəllüdlü İradə Şirəliyeva tüstüdən zəhərləniblər. Onların mənzildən çıxaraq, binanı tərk etmək istəsələr də, dəhlizdə zəhərləniblər. Zərərçəkənlərdən 30 yaşlı İradə Şirəliyevanın vəziyyəti daha ağırdır və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
***
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb.
Yanğın zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.