Soyğunçuluqda təqsirləndirilən Rəşad Hacıyev və tanışı Qızbahar Qəribovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib: Prokuror R. Hacıyevin 6 il, Q.Qəribovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib və onlara bəraət verilməsini istəyib. Sonra təqsirləndirilən şəxslər son söz deyərək, əməllərindən peşman olduqlarını deyiblər. Məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, R. Hacıyev 5 il, Q. Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Qusar rayon sakini olan təqsirləndirilən şəxslər 15 aprel 2015-ci ildə zərərçəkmiş Asim Abdullayevə xəsarət yetirərək, onun mobil telefonunu soyğunçuluqla ələ keçiriblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham olunub.