Şəkinin Kiş kəndində, yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.
Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "Onların səyi nəticəsində yanğın dünən söndürülüb. Naməlum səbəblərdən baş vermiş yanğın zamanı 1, 2 hektara yaxın ərazidə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib".
İ. İbrahimova qeyd edib ki, yanğının hansı səbəbdən baş verməsi araşdırılır.