Fevralın 21-ə keçən gecə düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə tapşırılıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, fəxri qarovulun müşayiəti ilə böyük izdiham şəhidin hələ beş yaşında itirdiyi anasının da uyuduğu kənd qəbristanlığına doğru irəliləyib. Burada keçirilən vida mərasimini Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaqdır. Şiddətli atışmada zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaq.
Şəhidin tabutu "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdib olunub.
Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucalacağına əminliyini bildirib və həqiqi hərbi xidmətini bu yaxınlarda başa vuran böyük oğlu Elsevərlə birlikdə oğlunun qisasını almaq üçün Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını deyib.
Şəhid məzarı üzərinə Müdafiə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi, Qobustan rayon Polis şöbəsi və digər təşkilatlar adından əklillər və gül dəstələri qoyulub.
Yas mərasimi şəhidin atasının yaşadığı Abşeron rayonunun Nübar qəsəbəsində davam etdiriləcək.