Səfir: ” Azərbaycanlılar arasında ölən və yaralanan yoxdu”
15 avqust 2013 12:56 (UTC +04:00)

Səfir: ” Azərbaycanlılar arasında ölən və yaralanan yoxdu”

Azərbaycanın Misirdəki səfirliyi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində fəaliyyət göstərir


 

Azərbaycanın Misirdəki səfirliyi ölkədə baş verən hadisələrlə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində fəaliyyət göstərir. Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib. O bildirib ki, 2 ay əvvəl başlayan hadisələrlə əlaqədar bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Diplomatik nümayəndəliyin adi qaydada fəaliyyətini davam etdirdiyini söyləyən səfir xatırladıb  ki, azərbaycanlı diplomatların ailə üzvləri artıq vətənə göndərilib.

 

Ş. Abdullayev qeyd edib ki, Misirdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır, onlara kömək lazım olduqda səfirliyə müraciət etmələri tövsiyə olunur: “Əvvəldən onlara telefonlar verilib, “qaynar xətt”imiz fəaliyyət göstərir. Qadınlar və uşaqlar artıq Misirdən çıxıblar. Misirdə qalan Azərbaycan vətəndaşları ilə 24 saat əlaqə var. Onlara yenə də məsləhət görülüb ki, ehtiyatlı olsunlar. Bu hadisələr gərginləşməyə doğru gedəndən bəri onlarla daim əlaqə saxlayırıq. Azərbaycanlılar arasında ölən və yaralanan olmayıb”.

 

Səfirliyin konsulluq şöbəsinin qeydiyyatda olan Azərbaycan vətəndaşların sayı barədə sualı cavablandıran Ş. Abdullayev bildirib ki, qeydiyyatda olan və ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı arasında fərq var: “Ola bilsin qeydiyyatda 150 nəfər var, amma onların faktiki sayı 30-40 nəfər də ola bilər. Vətəndaş gəlir ölkəyə, problemlə üzləşəndə bizə müraciət edir, biz də onu qeydiyyata alırıq, sonra isə ölkəni tərk edir, ya da tələbə burada təhsilini bitirir, yaxud yarımçıq qoyaraq qayıdır, səfirliyi bu barədə məlumatlandırmır. Orta hesabla qeydiyyatda həmişə 50-60 nəfər var. Misirdəki vətəndaşlarımızın real sayını onları bir yerə topladıqdan sonra müəyyən etmək olar”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar