Bu gün Ali Məhkəmədə Bakıda saxta pul kəsməkdə təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Lent.az-a vəkil Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, kassasiya şikayətini təmin edilməyib.
Qeyd edək ki, keçən il aprel ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar. Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.