Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov ifadə verib. O, bildirib ki, uzun müddət Müdafiə Nazirliyinin Ankarada olan hərbi atteşesi vəzifəsində çalışıb: “Hadisə olan gün mən İstanbulda hərbi məzun gecəsində olmuşam. Hadisədən bir gün sonra qardaşım Knyaz zəng edib dedi ki, Füzulini vurub öldürüblər. Mən sentyabrın 6-da Füzulinin 7 mərasiminə gəlib çıxdım. 3 gün bacımgildə qaldım. Bacım və onun uşaqları ilə dəfələrlə söhbət elədim. Açığı mən bacım qızı Bülbülün hərəkətindən şübhələnirdim. Bülbül həm öz ailələrinə, həm də, bizim ailəyə ziyan gətirdi. Ondan həmişə narazılığım olub. 2009-cu ildə bir “narkaman”a qoşulub qaçmışdı. Gedib gətirdik. Onun bir rəfiqəsi də vardı Firuzə Abbasova onunla dostluq eləməsi bizi sinirləndirirdi. Dəfələrlə onun Firuzəyə pul verməsindən xəbərimiz olub. Bacım hadisəni mənə nəql elədi. Oğru kimi girən şəxsin Füzulini öldürməsindən, danışdı. Əmanə də həmin şeyləri dedi.
Hadisədən sonra Füzulinin kim tərəfindən öldürülməsi ilə bağlı araşdırma başlanmışdı. Bizdə müəyyən yerlərdən soraqlaşırdıq. Prokuorluqda Mehdi adlı qohumuz Füzulinin İlo(İlham) adlı şəxs tərəfindən öldürülə biləcəyini demişdi. Həmin İlonun kimliyini müəyyənləşdirə bilmədilər. Sonradan bilmirəm nətər oldusa, günahsız yerə bacımı tutdular. Bakı şəhər Prokurorluğunda dəfələrlə çağırılıb ifadə vermişəm. Orada prokuror dedi ki, bacın cinayəti etiraf eləsin, sən də öz işində qal. Mən elə əclaflıq eləmədim. Hal-hazırda Müdafiə Nazirliyi tərəfindən sərəncamdayam. Polkovnik rütbəsi daşıyıram”.
Prosesdə şahid qismində Kiyafət Zeynəlabdinova ifadə verib. O, ifadəsində hadisədən bir gün qabaq Xalidə İsgəndərova ilə danışdığını deyib: “ Həkim işləyirəm. Uzaqdan qohumluğumuz var. Füzuli müəllim ölməmişdən bir gün qabaq gecə saatları idi. Xalidə mənə zəng edib, anasının təzyiqinin düşdüyünü dedi. Mən də təcili yardım çağırmaqlarını məsləhət gördüm. 15 dəqiqədən sonra yenidən Xalidəyə zəng elədim, vəziyyəti soruşdum. O, isə böyük bacısının ora getdiyini və sabah öz həkimlərinə aparacaqlarını dedi. Sabah işdəydim. Zəng eləyib vəziyyəti öyrənmək istədim. Telefonu Bülbül götürdü. Ağlaşma idi. Bülbüldən nənəsinin öldüyünü soruşdun, dedi nənəm deyil. Evimizə oğru girib, atamı öldürüblər. Tez işdən taksiylə evlərinə gəldim”.
Şahid qismində Mahir Süleymanova ifadə verib. O, bildirib ki, Füzuli İsgəndərovanın bacısının əridir: “Biz Füzuli ilə çox yaxın dost olmuşuq. Şərikim olub. Bu qadın isə şeytandır. Bizim düşmənimizdir. Heç zaman bizi istəməyib. Həmişə düşmənçilik yaradıb. Füzuli ilə də yola getməyib. Yazıq dostumun üzünü gözünü cırırdı. Qonşu olmuşuq. Xalidənin əlindən evi satıb oradan qaçmışıq. Hadisə olan gündə evdəydiq. Oğlum Orxana Əmanə zəng edib, atasının vurulduğunu dedi. Evdən tez bir zamanda Füzuligilə gəldik. Füzuli qanın içində yerdəydi. Tez xəstəxanaya çatdırdıq. Həkim müayinə edən zaman keçindiyini dedi. Xalidə ilkin ifadələrində Füzulini mənim öldürdüyümü deyib. Bilmirəm haradan, hansı fakta əsaslanıb. İnsan qardaş bildiyini öldürərmi? O gündən Xalidədən şübhələndim. Soğan yeməyib, içi niyə göynüyürdü. Çox aqressiv qadın idi. O, həmişə Füzulini öldürməklə təhdid edirdi. Bir dəfə evlərində həyəti sulamaq üçün “şlanq”ı götürdüm. Üstümə qışqırdı, az qala “lapatkanı” başıma çırpacaqdı. Hadisədən bir az əvvəl, bu İlyas qardaşı Türkiyədən gəldi ha, bunlar bir iş çevirməyə başladılar. İlyas bunları öyrədirdi. Bülbülə hadisədən sonra mağazadan oğurluq elədi. Yoldaşım gedib çıxartdı. Sonra o qıza öz qızım kimi baxırdım. Hər gün səhər dərsə aparıb, gətirirdim. Öz uşaqlarımdan fərqləndirmirdim”.
Şahid prokurorun suallarına cavablandırıb. O bildirib ki, Füzuliyə ölən vaxtı borcu olmayıb: “ Yoldaşıma pul gətirib verirdi. Deyirdi ki, evdə dağıdırlar. Sonra da pulu gəlib alırdı. Bizim ona borcumuz olmayıb. Mənim adıma bir çox obyekt evlər var. Onlar Füzulinin deyil, şəxsən özümündür”.
Vəkillərin suallarını cavablandıran şahid bildirib ki, oğlu Orxanla Bülbül arasında münasibət qohum səviyyəsində olub.
Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov bildirib ki, Əmanə mənə də, istintaqa da bildirib ki, Bülbülün Orxanla evin ikinci mərtəbəsində öpüşdüklərini görüb. Bu zaman mübahisə yaranıb. Hakim tərəflərin sakit olmağa çağırıb.
F. İsgəndərovanın qardaşı Xəqani İsgəndərovun istintaqa verdiyi ifadə elan edilib. Mərhum F. İsgəndərovun qardaşı Nizami İsgəndərovun həyat yoldaşı Nailə İsgəndərova isə bildirib ki, qətlin Xalidə İsgəndərova tərəfindən törədilməsindən şübhələnib: “Qızları bizə dedi ki, polis mənə deyir ki, atanızı ananız öldürüb. Mən də Xalidədən şübhələnmişdim”.
Proses iyunun 20-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il 2014-cü ildə Xətai rayonun qeydə alınıb. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı mənzilində öldürülüb. Hüquq Mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Onu da qeyd edək ki, F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.