Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyasında qətl törətməkdə təqsirli bilinən İxtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında təqsirləndirilən şəxsin Rusiyada törətdiyi cəzanın maksimum 15 il, 2004-cü ilədək isə Azərbaycanda həmin cəzanın maksimum 12 il olduğundan məhkəmədən İxtiyar Rüstəmovun cəzanın maksimumu olan 12 il müddətinə azadlıqdan məhrum olmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Zərərçəkmiş şəxsin vəkili çıxış edərək bildirib ki, prokurorun istədiyi cəza maksimum olduğu üçün bununla razıdırlar.
Məhkəmədə müdafiə tərəfinin vəkili çıxış etmək üçün vaxt istədiyinə görə, məhkəmə prosesi 14-ə qədər fasilə elan edib.
Qeyd edək ki, hadisə 2002-ci ildə Rusiya Fedarasiyasının paytaxtı Moskvada baş verib. İxtiyar Rüstəmov münaqişə zəmmində qətl törədib və hadisə yerindən qaça bilib. O, Azərbaycana gəlib. 2012-ci ildə Rusiyada qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs Azərbaycanda tutulub. Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhərinin Şimal-Şərq İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federtasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İxtiyar Rüstəmov tutulub.