Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Zabil Salmanov ifadə verib. O, heç bir şikayətinin və tələbinin olmadığını, ittiham olunanların azadlığa buraxılmasını istədiyini deyib.
Zərərçəkən bildirib ki, həmin obyekti satmaq istəməyib: "Təzyiqlər oldu, məcbur qalıb, 6 milyona satdım. Mənə dəyən ziyan ödənilib". Məhkəmə iyunun 17-də davam edəcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib. Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.