Quba rayonu, Zərdabi kəndində yaşayış evinə basqın olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini Ağayev Azər Zakir oğluna məxsus evə gecə saatlarında bir neçə nəfər daxil olub.
Ev sahibinin APA-ya verdiyi məlumata görə, evdən kənar şəxslərin olması barədə xəbər tutan kimi dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və yaxınlarına məlumat verib. Bundan duyuq düşən soyğunçular hadisə yerindən uzaqlaşa biliblər.
A. Ağayevin sözlərinə görə, həmin şəxslər qaçarkən dəyənəkləri yerə atıblar. Bundan əlavə, soyğunçulardan birinə aid sənədlər də tapılaraq hüquq-mühafizə orqanlarına verilib: “Həmin şəxslər evdən 200 manatdan çox pul oğurlamağa nail olublar”.
Quba Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.