“Hadisə baş verəndə işdə 63 nəfər var idi”. Bunu APA-ya açıqlamasında SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov deyib.
“Həmin gün hava çox küləkli idi. Dənizdə möhkəm külək vardı. Bizim blokdakı probor küləyin dərəcəsini 35 göstərirdi, amma bəlkə də daha çox idi” deyə Məmmədov bildirib.
O qeyd edib ki, saat 17 radələrində platformadakı xətlərdən birində qəza yaranıb: “Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı”.
Rəis bildirib ki, yanğın başlayan kimi işçiləri təxliyyə ediblər: “Əvvəlcə işçiləri qayıqlara mindirdik. Sonra özüm də qayıqlardan birinə mindim. Mən olan qayıqda 27 nəfər idik. Ordakıların hamısı sağ-salamatdı. Amma o birilərindən xəbərim yoxdu. Hamı həyəcanlı idi, ona görə də hələ heç nə xatırlaya bilmirəm”.
A. Məmmədov bildirib ki, onu dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətiriblər: “Hazırda özümü normal hiss edirəm”.
Qeyd edək ki, A. Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb.