Bir-neçə gün əvvəl Qax rayonu ərazisində yüksək dağ zirvəsindən dərəyə yıxılaraq ölən 62 yaşlı Bədrəddin Babayevin yıxıldığı yerdən çıxarılması məqsədilə əməliyyatlar davam edir.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri cəlb edilib. Yanvarın 19-u səhər saatlarından başlanan əməliyyat axşama qədər davam etsə də, ərazinin yüksəklikdə yerləşməsi və axşama doğru dağa dumanın çökməsi səbəbindən axtarışlar yarmçıq qalıb və bu gün səhər saatlarından yenidən davam etdiriləcək.
APA TV-nin xəbərinə görə, Qax rayonu Ağçay kənd sakini olan 62 yaşlı Bədrəddin Babayev ixtisasca baytar həkimidir. Bədrəddin Babayev son vaxtlar arıçılıq təəssərüfatı və ovçuluqla məşğul olurmuş. O, ov etmək məqsədi ilə rayonun Sarıbaş və Ağçay kəndlərinin kəsişdiyi “Qaradağ” adlanan hündür zirvəyə gedib. Ərazidə müvazinətini itirən Bədrəddin Babayev sıldırım qayalıqdan dərəyə yıxılıb.
Kənd sakinlərinin söylədiyinə görə, hadisəni Bədrəddin Babayevlə ova gedən və ondan aralıda dayanan Ağçay kənd sakini də görüb. Bədrəddin Babayevin qayalıqdan yıxılaraq öldüyünü görən həmin şəxs kəndə qayıdaraq hadisə barədə xəbər verib. Kənd sakinləri yığılaraq, həmin əraziyə getsələr də, cəsədi oradan çıxara bilməyiblər. Kürəkəni Emin Mahmudovun sözlərinə görə, Bədrəddin Babayevin mahir ovçu olub. O, ərazilərin ən yaxşı bələdçisi, hündür zirvələrə çıxan yeganə kənd sakinlərindən biri imiş.