Bakı Apellyasiya Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə partlayıcı vasitə atmaqda təqsirləndirilən Elnur Ələkbərovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi üzrə ilkin baxış iclası keçirilib.
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 16-a təyin edilib.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.
MTN yaydığı məlumatda qeyd edilir ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərində döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib.