Psixoloq Tariyel Faziloğlu: “Nahid yalan danışsaydı, nitqində qırılmalar olardı”
22 may 2014 19:08 (UTC +04:00)

Psixoloq Tariyel Faziloğlu: “Nahid yalan danışsaydı, nitqində qırılmalar olardı”

“Əmircanda yerləşən xüsusi internat məktəbinin şagirdi 7 yaşlı Nahid Cavadov psixoloji təzyiq altındadır”. Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı, "Ümidli Gələcək" Gənclər Təşkilatının prezidenti Nabil Seyidov deyib. Dünən olduğu kimi bu gün də “Sosium” verilişi internat məktəbdə 7 yaşlı şagirdin rezin dəyənklə döyülməsi iddialarına həsr olunub. Proqramda Nabil Seyidovla yanaşı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov və psixoloq Tariyel Faziloğlu iştirak ediblər.
 
Baş verən hadisənin düzgün araşdırılmadığını deyən Nabil Seyidov bildirib ki, bütün hallarda 7 yaşlı uşağın polis tərəfindən dindirilməsi yol verilməzdir: "O uşaq dindirmələr zamanı qorxu altına düşəcək. İnternat müəssisələrində audiovizual avadanlıq lazımdır. Suallar psixoloqa ünvanlamalı və o da sualı uşağın dilinə çevirərək verməlidir. Təsəvvür edin, döyülmə faktı dəqiqləşsə, həmin uşaq dəfələrlə məhkəməyə aparılacaq. Bu isə uşağın travma alması deməkdir".
 
Psixoloq Tariyel Faziloğlu isə deyib ki, baş verən hadisəyə cavabdeh qurumların reaksiyası hadisədə adı hallanan müəllimin Təhsil Nazirliyi və polis tərəfindən sanki qorunduğu görüntüsü yaradır. Psixoloq hesab edir ki, uşağın danışıqları həqiqətə daha yaxındır: "Siz fikir vermisinizsə videoda uşaq tam səlis danışır. 7 yaşında uşaq yalanı belə danışa bilməz, danışdıqca sanki yaşadığı hadisənin qorxusunu yaşayır. Əminəm ki, uşaq doğrunu deyir. Zərbə sifət nahiyəsindən dəyməyib. Yıxılma versiyası inandırıcı deyil. Bu tip hadisələr internat məktəblərində tez-tez olan hadisələrdir. Mən bir şeyi başa düşmürəm , dünyanın hər yeridə belə hallar olur və dövlət həmin müəssisənin işçisini cəzalandırır. Bizdə də belə olmalıdır".
 
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov baş vermiş hadisə ilə bağlı Baş Prokurorluğa müraciət etdiklərini bildirib: "Şübhələr var, uşağın döyülməsi real görünür. Çalışırıq ki, bu hadisə düzgün araşdırılsın. Hesab edirik ki, ictimaiyyət nümayəndələrindən ibarət komissiya yaradılmalıdır. Bu, daha obyektiv olardı. Uşağa qarşı işgəncə faktı sübuta yetirilərsə, təqsirli bilinən şəxs və ya şəxslər 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər. Sabah ora girə bilsək, uşaqla görüşüb vəziyyətlə bağlı ictimaiyyəti məlumatlandıracağıq".
 
Verilişə telefonla qoşulan Nahid Cavadovun atası Zaur Cavadov hazırda Gəncədə olduğunu bildirib. İsrarla uşağının döyülmədiyini bildirən ata üstəlik bu qənaətini özünəməxsus şəkildə izah edib: "Uşağım çox nadincdir. Mən bilirəm ki, həmin müəllimə çox yaxşı müəllimədir. Uşaq yalan danışır. Videoda bəlkə də öyrədilib, kiminsə təsiri ilə danışıb. Amma mən özüm onunla ayrıca söhbət etmişəm. Deyir ki, yıxılmışam".
 
Aparıcının "Uşağınıza neçə gündən bir baş çəkirsiniz” sualını cavablandıran Zaur Cavadov bildirib ki, oğlunun yanına 1-2 aydan bir gedir: "İmkansızlıqdan uşağı o internat məktəbinə qoymuşam. Həm də yenə deyirəm, nadinc uşaqdır. Bir-iki aydan bir vaxt olanda gedib dəyirəm".
 
Nahid Cavadovun babasının və atasının açıqlamalarını dəyrələndirən psixoloq Tariyel Faziloğlu bildirib ki, əslində uşaq deyil, onların valideynləri öyrədilib: “Bu məsələ çox ciddi araşdırılmalıdır. O uşaq yalan danışsaydı, danışığında mütləq qırılmalar olmalı idi. Amma mən bu uyğunsuzluğu görmədim. Əgər bu hadisə sübuta yetirilərsə ata cinayət məsuliyyətinə cəlb edilməlidir. Deməli, o, yalan danışmaqla həqiqəti gizlədib. Bundan əlavə uşağın dedikləri doğru olarsa, bu adam atalıq hüququndan məhrum olunmalıdır".
 
"Ümidli Gələcək" Gənclər Təşkilatının prezidenti Nabil Seyidov isə bildirib ki, valideynlərin valideynlik hüququndan məhrum olunması ən son üsuldur: "Bu hadisə göstərir ki, problemlər var və onların həlli gecikir. Deinstitutlaşma proqramının icrası sürətlənməlidir. Bu istiqamətdə çox iş görülməyib. Əksər rayonlarda internat məktəblərini əvəz edən müəssisələr olmalıdır. Həmin ailələr üçün şərait yaradılmalıdır. Maliyyə Nazirliyi 10 min uşağın ailəsinə geri qayıtmasına şərait yaratmalıdır. Məncə Azərbaycanın bunun üçün yetərincə imkanları var. Sadəcə Maliyyə Nazirliyi lazım olan vəsaiti ayırmalıdır".
 
Hadisə baş verən müəssisədə müşahidə kamerasının olub-olmaması məsələsinə toxunan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov isə deyib ki, ən ciddi məqamlardan biri də məhz budur: "Düzdür, deyirlər ki, hadisə, yəni uşağın döyülməsi yox, yıxılması ayaqyolunda baş verib. Sanitar qovşaqda müşahidə kamerası quraşdırmaq olmaz, amma dəhlizdə quraşdırıla bilər. O müəssisədə müşahidə kamerası varmı? Kamera varsa, o uşağın yıxılması və ya yıxılıbsa, onu ordan çıxaran adamın dəhlizdə görüntüləri ola bilər. Hesab edirəm ki, bu cür hadisələr səbəbindən ictimaiyyət nümayəndələrinin belə müəssisələrdə monitorinq keçirməsi üçün şərait yaradılmalıdır. Bu, bir sıra neqativ hadisələrin qarşısını ala bilər".
 
Psixoloq Tariyel Faziloğlu verilişdə daha bir maraqlı məqama toxunub. O hesab edir ki, uşağın döyülməsi faktının mediaya sızması bir etiraz dalğasından xəbər verir: "Sizcə, bu xəbər mətbuata niyə sızdı? Fikrimcə, kimsə artıq bir etiraz üsulu seçib. Ola bilsin ki, bu kimi hadisələr 7 nömrəli xüsusi internat məktəbində tez-tez baş verir. Bu məsələ də araşdırılmalıdır. Uşağın danışığı da buna çox ciddi ehtiyac olduğundan xəbər verir".
 
Bu fikirlə razılaşan Nabil Seyidov bildirib ki, əslində bu cür yerlərdə ən azından xüsusi telefon qovşağı olmalıdır: "Uşaqlar özləri təşkilatlara zəng edə bilməlidir. Telefonda 3 düymə qoya bilərlər, biri “Uşaq qaynar xətti”nin, biri Ombusman Aparatının, digəri isə Təhsil Nazirliyinin nömrəsi. Bu, çox sadə bir işdir, niyə etmədiklərini bilmirik. Məncə, bu məsələnin subyektiv və obyektiv səbəbləri var. Subyektiv odur ki, heç kəs bunu etmək istəmir. Obyektiv odur ki, telefon xətti üçün əziyyət çəkmək istəmirlər. Yəni bütün hallarda istəmirlər".
 
Son olaraq psixoloq Tariyel Faziloğlu bildirib ki, belə müəssisələrdə işləyən müəllimlərin mütləq psixoloji savadı olmalıdır: "Psixoloqlarla iş qurulmur. Daim psixoloqlarla işləməlidirlər. Bundan əlavə 16 yaşına qədər uşaqlarla sorğu-sual prosesində psixoloq iştirak etməlidir".
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Oxşar yazılar