Bakıda prorektorun xidməti otağından oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəməsi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev dindirilib.
O ifadəsində otağındakı seyfdə 219 min 900 ABŞ dolları oğurlandığını qeyd edib:
“Bütün bunlar Vüqarın işdir. Həmin seyfdə həmçinin 94 min manat pul vardı. Bunu ancaq o görmüşdü. Oğruların üzlərində maska olub. Universitetdəki çəkiliş kameralarını sıradan çıxarıblar".
Prorektor əlavə edib ki, seyfdəki pullar tələbələrin təhsilhaqqı deyilmiş. Vüqar Vəliyev isə onun dediklərini təkzib edib.
Təqsirləndirilən Sübhan Ələkbərov seyfi səhv saldıqlarını deyib: "Seyfi səhv saldıq. Universitetdə seyfdə pulun olmasını Vüqar dedi, yoxsa mən oğurluğa tövbəliyəm”.
Təqsirləndiriləndən Vüqar Vəliyev və Sübhan Ələkbərov arasında mübahisə yaranıb. Vüqar Vəliyev keçmiş qaynı olan Sübhan Ələkbərovun dediklərin yanlış olduğunu deyib.
M.Əhmədov dəyən ziyanın qaytarılmasını tələb edib: "Əgər mənim pulum qaytarılsa, şikayətçi olmayacam. Mən özüm də universitetdə hərdən otağımı səhv salıram. Amma bu otağın yerini bilən olub. Hər şeyi də ifadəmdə qeyd etmişəm".
Daha sonra şahid qismində Odlar Yurdu Universitetində kadrlar şöbəsinin müduri Rafiq Qasımov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Şahid təqsirləndirilən şəxslərdən yalnız Vüqar Vəliyevi tanıdığını söyləyib: "O, bizdə işləyirdi. Seyfdən 219 min 900 dollar və 94 min manat pul aparılıb. Hadisədən sonra polisə xəbər verildi. Münir müəllimin otağından seyfin oğurlanması, oranı yaxşı tanıyan adamın işidir. Çünkü universitetdə 200-dən çox otaq var. Onun iş otağının qapısında heç Münir Vəliyevin adı da yazılmayıb. Mühasibatlıqda, kassada da pul olub, lakin oradan aparılmayıb".
R.Qasımov bildirib ki, zərərçəkmiş M.Vəliyev təqsirləndirilən V.Vəliyevə ev almasında, onun təhsil almasında köməklik edib.
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar Munir Vəliyevin universitetdə xidməti otağında olan seyfi aparıblar. Oğrular ümumilikdə 429 min 172 manat dəyərində pulu ələ keçiriblər