Sentyabrın 19-da İctimai Televizyada (İTV) bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edən namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtında qalmaqal yaranıb.
Lent.az-ın xəbərinə görə, debatda prezidentliyə namizədlər Hafiz Hacıyevlə Cəmil Həsənli arasında mübahisə yaranıb. Namizədlər bir-birinin ünvanına kəskin ifadələr söyləyiblər.
İTV-nin təhlükəsizlik xidməti Hafiz Hacıyevi studiyadan çıxarıb.
C. Həsənli isə efir vaxtının kəsildiyini iddia edib. O bildirib ki, Hafiz Hacıyev onun efir vaxtının 25 saniyəsinə müdaxilə edib.
İTV-nin aparıcısı isə bildirib ki, C. Həsənlinin vaxtına müdaxilə edilməyib. O, bununla bağlı mübahisənin MSK tərəfindən çözüləcəyini də qeyd edib. Lakin C. Həsənli bununla razılaşmayıb, İTV-nin və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. O, İTV əməkdaşlarının çağırışı ilə studiyanı tərk etməyib. Daha sonra Ə. Əhmədov çıxışa başlayıb və bundan sonra C. Həsənli özü studiyanı tərk edib.
C. Həsənli efiri tərk edəndən sonra da ona qarşı hansısa təzyiqin olmadığını bildirib. O, efirdə baş verənlərlə bağlı MSK-ya və məhkəməyə müraciət edəcək.