APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Samir Sanıyev ifadə verərək, özünü qismən təqsirli bilib. S. Sanıyev silah saxlamaqda özünü təqsirli bilsə də, terror hadisələri törətməyi planlaşdırmaqla bağlı ittihamları rədd edib. Prosesdə ifadə verən digər təqsirləndirilən şəxs Teymur Qaracayev də özünü qismən təqsirli bildiyini deyib.
Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.