Bu gün Rusiyanın Samara vilayət məhkəməsində DİN-in regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailə üzvlərinin ölümündə şübhəli bilinən azərbaycanlıların məhkəməsi başlayır.
APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, qətlə yetirilən ailənin qohumlarının xahişi ilə məhkəmə qapalı keçiriləcək. Müttəhimlər kürsüsündə 3 Azərbaycan vətəndaşı Orxan Zöhrabov, Roman Fətəliyev, İslam Babayev və Tacikistan vətəndaşı Məhmədəli Axmadov əyləşəcək.
Qeyd edək ki, A. Qoşt və ailəsinin 5 üzvü - polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Öldürülənlərin meyitləri bu il aprelin 24-də səhər aşkar olunub. Onun yalnız 7 yaşlı qızı sağ qalıb. Hadisədə şübhəli bilinən 3 nəfər mayın 3-də saxlanılıb. Onların Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu adlı azərbaycanlılar olduğu açıqlanıb. Dəstənin başçısının isə Tacikistan vətəndaşı Məhmədəli Axmadov olduğu bildirilir.
Lkin versiyaya görə, hadisə qarət məqsədilə törədilib.