<b>Polis rəisini bıçaqlayanların məhkəməsi başladı</b>
23 iyun 2016 10:05 (UTC +04:00)

Polis rəisini bıçaqlayanların məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyevə qarşı cinayət törədən şəxslər Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 29-a təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus “Mercedes Galenvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər “Niva” və "Opel" markalı avtomobillərlə arxadan və  qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə “Mercedes Galenvagen”in  bütün şüşələrinin sındırıb. Buna etiraz edən Şıxaliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3  xəsarət  yetirilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub.

Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Ələkbər Qəhrəmanov saxlanılan zaman onun üzərindən narkotik maddə- heroin aşkarlanıb. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb. Və interpol xətti ilə axtarışa verilib.

Polis rəisi olan Anar Şıxaliyev məhkəmə istintaqı dövründə ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: “Dostum Ələddinin  “Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq xəsarəti vurdu. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım ki, bu şəxslər məni kiminləsə səhv salıblar. Burdakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub. O, biri bıçaq vuran yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Nifətliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

# 127
avatar

Səlcuq Elçin

Oxşar yazılar