"Lütfəli Babayev niyə ona qarşı qərəzli olduğumu deyir, bunu bilmirəm. Mən onun barəmdə soylədiklərini yalan hesab edirəm. Kimin kim olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Əgər yaxşı icra başçısı olsaydı, onu Mingəçevir kimi şəhərin rəhbərliyindən uzaqlaşdırmazdılar". Bu sözləri "Bizim Yol"a açıqlamasında Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlov Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin onun barəsində səsləndirdiyi ittihamlara münasibətində söyləyib.
Qeyd edək ki, icra başçısı avtoxuliqanlığa görə Mingəçevir polisi tərəfindən saxlanılan qardaşı oğlunun günahsız olduğunu və bunun polis rəsinin onlara qarşı ədavətinin tərkib hissəsi olduğunu deyib. O həmçinin, polis rəisinin içkili olduğunu da bildirib.
Ancaq Ələsgər Bədəlov bildirib ki, icra başçısı statusunu daşıyan bir şəxsdən bu ifadələrin səslənməsini gözləmir: "Mən onunla birlikdə işləmişəm. Qohum-əqrabasına da hörmətim var. Tam səmimi deyirəm ki, həmin şəxsin kimliyi polisdə bizə bəlli olub. Hər gün onlarla yol-nəqliyyat hadisələri baş verir. Əksəriyyətinə də səbəb yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Cənab prezident və daxili işlər naziri ciddi şəkildə bu cür hallara qarşı mübarizə aparılmasını qarşımızda qoyub. Biz də bu cür hallara qarşı qanuni tədbir görməliyik və görürük də".