Bu barədə APA-ya ev sahibi Azər Ağayev məlumat verib.
Saxlanılan şəxslər - Qusar rayon Suduroba kənd sakini Xanbutayev Murad Oruc oğlu, Quba rayon sakinləri Abdurrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğludur.
APA-nın əldə etdiyi məlumata görə, E. Qarayev Quba Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru İmran Qarayevin oğludur.
Polis mayoru İ. Qarayev də APA-ya oğlunun saxlandığını təsdiqləyib.
“Həmin gün mən əməliyyat qrupunun üzvü idim. Hadisə yerinə də getmişəm. Ev sahibinin atası Zakir Ağayevlə dostluq münasibətlərimiz var. Kimliyindən asılı olmayaraq, qanunsuz əməl törədən cəzasını çəkəcək”, - deyə İ. Qarayev bildirib.
Saxlanılan digər iki şəxs oğurluğa məhz Elmarın təşkilatçılığı ilə getdiklərini bildiriblər.
Qeyd edək ki, mayın 21-də gecə saatlarında Quba rayonu, Zərdabi kəndində yaşayış evinə basqın olub.
Kənd sakini Ağayev Azər Zakir oğluna məxsus evə gecə saatlarında bir neçə nəfər daxil olub.
Ev sahibinin APA-ya verdiyi məlumata görə, evdən kənar şəxslərin olması barədə xəbər tutan kimi dərhal bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və yaxınlarına məlumat verib. Bundan duyuq düşən soyğunçular hadisə yerindən uzaqlaşa biliblər.
A. Ağayevin sözlərinə görə, həmin şəxslər qaçarkən dəyənəkləri yerə atıblar. Bundan əlavə, soyğunçulardan birinə aid sənədlər də tapılaraq hüquq-mühafizə orqanlarına verilib: “Həmin şəxslər evdən 200 manatdan çox pul oğurlamağa nail olublar”.
Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.