Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb. Lent.az-ın məlumatına görə, avqustun 4-də Kürdəmir rayon Polis Şöbəsi Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafur Abbasov idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Bəhramtəpə-İmişli-Kürdəmir-Ağsu yolunun Ağsudan keçən hissəsində qəzaya düşüb. Xəstəxanaya yerləşdirilən polis zabiti avqustun 5-də dünyasını dəyişib.
Bildirilir ki, Q.Abbasov xidməti avtomobili ilə hərəkətdə olarkən qarşısına it çıxıb. O, iti vurmamaq üçün nəqliyyat vasitəsini kənara istiqamətləndirib. Bu zaman idarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.