Penitensiar xidmətin 36 əməkdaşı vəzifədən kənarlaşdırılıb
03 fevral 2015 19:11 (UTC +04:00)

Penitensiar xidmətin 36 əməkdaşı vəzifədən kənarlaşdırılıb

Ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib. Lent.az-ın Penitensiar xidmətin saytına istinadən məlumatına görə, müşavirədə Penitensiar xidmətin rəisi Mədət Quliyev qurumun 2014-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək penitensiar sistemin təkmilləşdirilməsi, o cümlədən yeni müasir penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi üzrə tədbirlərin davam etdirildiyini vurğulayıb.

 

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 372 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalan bir sıra cinayətlərin üstü açılıb, habelə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısının alınmasına, eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə xüsusi diqqət yetirilib.

 

Müşavirədə cəzaçəkmə müəssisələri rəhbərlərinin çıxışları dinlənilib, qeyd olunub ki, aparılan əməliyyat-baxış tədbirləri nəticəsində hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar tədbirlər görülməsi üçün aidiyyəti orqanlara təqdim edilib.

 

Eyni zamanda, vəzifədən sui-istifadə və digər neqativ halların aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb, ötən il xidmətin kobud qanun pozuntularına yol verən 347 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 36 əməkdaş tutduğu vəzifədən azad olunub, 34 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

 

Müşavirəyə yekun vuran ədliyyə naziri F.Məmmədov ədliyyə sisteminin müasirləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin yaxşılaşdırılmasına dair tədbirlərə toxunaraq məhkumların hüquqlarının xeyli genişləndiyini, bu sahədə qanunvericiliyin təkmilləşdiyini, saxlanma şəraitinin yaxşılaşdırıldığını bildirib.

 

Nazir bununla belə işdə mövcud olan bəzi nöqsan və çatışmazlıqlara toxunaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, onlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, rejim və davranış qaydalarına dönmədən riayət olunmasını, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsini, nizam-intizamın gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar