Paytaxtda avtomobil qaçıran şəxs polis tərəfindən saxlanılıb. APA-nın xəbərinə görə, Bakı şəhər sakini Seymur Əhmədov ona məxsus avtomobilin oğurlanması ilə bağlı polisə müraciət edib.
Xəzər rayon Polis İdarəsində avtomobilin tapılaraq, aşkar olunması istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirilib. Seymur Əhmədova məxsus minik maşını Nəvai postunda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının Nəzarət Postunda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, avtomobili Saatlı rayon sakini 28 yaşlı Elmar Fətullayev qaçırıb.
Saxlanılan şəxs avtomobili oğurlamadığını, rayona getmək üçün müvəqqəti götürdüyünü söyləyib. O, bildirib ki, maşının sahibi dostunun iş yoldaşıdır.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Seymur Əhmədova məxsus "Saipa" markalı avtomobil Buzovna-Mərdəkan yolunda qaçırılıb. Elmar Fətullayev maşının qapısını özündə olan açarlar vasitəsi ilə açıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.